Suriyada iki rus hərbçisi öldürülüb - TƏYYARƏLƏRİN VURULMASI TƏKZİB EDİLİR
Rusiya Müdafiə Nazirliyi Suriyada ölkənin silahlı qüvvələrinə məxsus 6 hərbi və bir sərnişin təyyarəsinin vurulması barədə yayılan xəbərləri təkzib edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bəyanatda qeyd olunur ki, adı çəkilən ölkədəki Rusiya hərbi kontingenti verilən döyüş tapşırıqlarını və terrorçulara qarşı mübarizəni davam etdirir.
Bununla yanaşı, Müdafiə Nazirliyindən Hmeymim aviabazasının terrorçular tərəfindən atəşə tutulmasını təsdiq edib. Həmin hadisə nəticəsində iki rusiyalı hərbçinin öldüyü etiraf edilir.
Xatırladaq ki, dekabrın 31-də Hmeymim aviabazasının iriçaplı silahlardan atəşə tutulduğu barədə məlumatlar yayılıb. İnsident zamanı iki hərbçinin öldüyü, onlarla yaralı olduğu, həmçinin Rusiyaya məxsus 7 təyyarənin sıradan çıxarıldığı, yanvarın 3-də isə Rusiyaya məxsus helikopterin vurulduğu bildirilib.