İranda iğtişaşların səngiməsi və ABŞ-da istehsalın artması neft bazarına ciddi təsir edir
ABŞ-da neft ehtiyatlarında ötən həftə 7,42 milyon barel azalma qeydə alınıb, bu, avqust ayından bu yana ən böyük azalmadır.
APA TV-nin məlumatına görə, istehsal isə əksinə, rekord səviyyəyə çatıb. İstehsalın yüksəlməsinin əsas səbəbi qiymətlərin bahalaşmasıdır. Xam neftin qiymətləri 50 dollardan nə qədər baha olsa, ABŞ-da qaya nefti istehsalının artması üçün bir o qədər münbit şərait yaranır.
Son günlərdə qiymətlərə əsas təsir edən böyük neft hasilatçısı İranda baş verən aksiyalar idi. Kəşf olunmuş neft ehtiyatlarına görə dünyanın dördüncü ölkəsi olan İranda sabitliyi pozan istənilən hadisə qiymətləri artırır.
İranda nisbətən sabitliyin bərpa olunması, ABŞ-da istehsalın artması qiymətlərin ucuzlaşmasına səbəb olub. "Brent" markalı neft sutka ərzində 68,23 dollara yüksəldikdən sonra hazırda 67,89 dollardan satılır. Qərbi Texas nefti isə 61,87 dollardan təklif olunur.
Bu arada Azərbaycan neftinin qiyməti 70 dolları keçib. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 70,54 dollar təşkil edir.