Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı başlayıb

Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalına start verilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, festival “Gilan Holding”in təşkilatçılığı ilə Heydər Əliyev Konqres Mərkəzi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi və “Qafqaz Resorte” hotelində keçiriləcək.

 

Əvvəlcə “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində festival iştirakçıları üçün “Safari” səhra velosipedi idman növü üzrə yarış keçirilib. Kişi, qadın və uşaqların iştirak etdiyi yarışda ilk 3 yeri tutan iştirakçılara hədiyyələr verilib.

 

Ukraynanın CİTA turizm şirkətinin direktoru Radomir Lisak bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən hər il turistlər üçün müxtəlif ölkələrə maraqlı və musiqili-əyləncəli səfərlər təşkil edilir. Şirkət tərəfindən Qəbələyə Ukrayna, Belarus və Avropa ölkələrindən mindən çox turist gətirilib. OnlarQəbələnin “Qafqaz” brendli beşulduzlu hotellərində yerləşdirilib. İstirahət üçün ailəvi Qəbələyə gələn turistlər yanvarın 11-dək davam edəcək festival çərçivəsində idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşam isə konsertlər, məzəli-əyləncəli proqramlarda iştirak edəcəklər. Bundan əlavə, festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub.

 

Radomir Lisak turistlərin Qəbələnin tarixi məkanları və görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklərini vurğulayıb. O, belə səfərlərin keçirilməsində əsas məqsədin Qəbələnin turizm imkanlarının xarici turistlərə təqdim edilməsi olduğunu bildirib. Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “Noçnıe Snayperı” qrupu, Vladimir Zelenski, Natalya Moqilevskaya, “Kvartal 95” yumor qrupu olacaq.

 

Qeyd edək ki, 2009-cu ildən keçirilməyə başlayan bu festival ilk dəfə Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukraynada təşkil edilib. Bu illər ərzində festivalın iştirakçıları arasında Valeri Meladze, Ani Lorak, “Nochnıe Snayperı”, Diana Arbenina kimi tanınmış ifaçılar olub. Festivalın təşkilatçıları aktiv istirahət etməyi sevənlər üçün bir həftə ərzində gündəlik müxtəlif əyləncə proqramlar hazırlayıblar. Festival bu günə kimi 15 min iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil edib.

 

Məlumat üçün bildirək ki, "APA Holding" Qəbələ 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalına informasiya dəstəyi verir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd