BMT toplantısında Rusiya və İran ABŞ-a qarşı: SƏRT İTTİHAMLAR
"Rəsmi Vaşinqton BMT Təhlükəsizlik Şurasının iclasını İranla nüvə sazişini pozmaq üçün çağırıb".
APA TV-ni Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bəyan edib.
"BMT TŞ-nın İranda etirazlara həsr olunmuş toplantısının əsl məqsədi Tehranla nüvə sazişini pozmaqdır. ABŞ-nı İran xalqının mənafeyi maraqlandırmır" - deyə, diplomat qeyd edib.
Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib, dünya ictimaiyyəti İranda etiraz aksiyaları ilə bağlı ölkə hökumətinin atdığı addımları izləyir.
İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru isə bəyan edib ki, ABŞ uzun illərdir İranın daxili işlərinə müdaxilə edir.
Səfirin sözlərinə görə, ABŞ öz səlahiyyətlərindən sui-istifadə edərək İranda etirazlara dair BMT-nin iclasını çağırıb.
"Əgər araşdırmalara ehtiyac duyulursa, əvvəlcə suveren ölkədə insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edənlər barəsində araşdırma aparılmadır" - deyə, diplomat vurğulayıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında İrandakı vəziyyətlə əlaqədar iclas keçirilir. İclas ABŞ-ın rəsmi sorğusu əsasında keçirilir.