ABŞ Pakistandan sonra daha bir müsəlman ölkəsinə maliyyə yardımını kəsdi
ABŞ BMT vasitəsi ilə Fələstin qaçqınlarına edilən 125 milyon dollar yardımı dondurub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, maliyyə yardımı qurumun Yaxın Şərq agentliyi üzərindən ünvana çatdırılmalı idi.
Sözü gedən məbləğ illik ödənişin üçdə bir hissəsini təşkil edir. Vaşinqton ilk hissəni yanvarın 1-də ödəməli idi. Amma prezident Donald Tramp Fələstinə ediləcək yardımın dayandırılmasını təklif edib. O, bunu Fələstin rəhbərliyinin İsraillə sülh danışıqlarından imtina etməsi ilə əlaqələndirib.
Xatırladaq ki, ötən il dekabrın 6-da Ağ Ev rəhbəri Qüds şəhərini İsrailin paytaxtı elan edib və ölkəsinin səfirliyinin bu şəhərə köçürüləcəyini bildirib. Qüdsün statusu isə İsrail-Fələstin danışıqlarında əsas problemlərdən biridir.
Qeyd edək ki, BMT-də keçirilən səsvermədə Vaşinqtonun təşəbbüsü dəstəklənməyib. Tramp isə onun qərarına "yox" deyən ölkələri maliyyə yardımının kəsiləcəyi ilə hədələyib. Yanvarın 4-də ABŞ Maliyyə Nazirliyi Pakistana ayrılan maliyyə yardımının dayandırıldığını açıqlayıb.