Tillerson: "İranla nüvə razılaşması ləğv edilə bilər, Rusiya ilə ciddi danışacağıq"

"İranla nüvə razılaşmasının ləğvinə dair qanun yanvarda qəbul oluna bilər".

 

APA TV-nin "Associated Press"ə istinadən verdiyi məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

 

"Prezident Tramp deyib ki, sənədə müvafiq düzəlişlər edəcək və yaxud onu ləğv edəcək. Biz onun vədini yerinə yetirməyə çalışırıq" - deyə, R.Tillerson qeyd edib.

 

Onun sözlərinə görə, İranla nüvə razılaşmasının ləğvinə dair xüsusi qanun yanvarın 8-dən sonra qəbul oluna bilər.

 

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bəyan edib ki, ABŞ İranın nüvə proqramına dair daha uzunmüddətli sazişin bağlanmasını istəyir. Hazırda Konqreslə yeni razılaşma və sanksiyaların tətbiqinə dair yeni şərtlər üzərində işlədiklərini deyən Pens, İranın istifadəyə yararlı nüvə silahı və yaxud nüvə başlıqlı ballistik raketlər əldə edəcəyi təqdirdə ölkəyə qarşı sanksiyalaın dərhal bərpa olunacağını vurğulayıb.

 

Qeyd edək ki, İran və "altılıq" (Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ) ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.   

Bu arada dövlət katibi Reks Tillerson ABŞ və Rusiya arasında "Orta və yaxın mənzilli raketlərin ləğvi" haqqında müqaviləyə dair çox mühüm danışıqlar aparılacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv