Qəbələdə XII Beynəlxalq yumor və musiqi festivalı çərçivəsində ilk konsert keçirilib

Qəbələ şəhərində keçirilən XII Beynəlxalq "Veselo" Yumor və Musiqi Festivalı çərçivəsində ilk konsert olub.


APA TV-nin yerli bürosunun məlumatına görə, "Gilan Hospitality Group" MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən öncə səhnəyə Ukraynanın tanınmış yumor aktyorları çıxıb. Sonra Ukraynanın xalq artisti Nataliya Moqilevskayanın konserti olub. Konsertdə Ukraynanın CİTA turizm şirkəti vasitəsilə Qəbələyə gələn Ukrayna, Belarus və Avropa ölkələrindən olan 1000-ə yaxın turist, eləcə də yerli musiqisevərlər iştirak edib. Bir sıra beynəlxalq müsabiqələrin laureatı, Ukrayna televiziyalarında musiqili verilişlərin aparıcısı və münsiflər heyətinin üzvü olan Nataliya Moqilevskaya onu məşhurlaşdıran hit mahnılarını canlı ifa etməklə tamaşaçılara xoş anlar yaşadıb. İki saat davam edən konsert alqışlarla qarşılanıb.

Turistlər kanat xəttinin 2000 metrdən çox yüksəklikdə yerləşən "Yatmış gözəl" stansiyasının ərazisinə yağan qar üzərində xizəklə sürüşüb. Burada da müxtəlif rəqslər təqdim edilib, əyləncəli oyunlar təşkil olunub.


"Gilan Hospitality Group" MMC-nin icraçı direktoru Elgün Məmmədov APA TV-yə bildirib ki, yanvarın 11-dək davam edəcək festival çərçivəsində idman və əyləncəli proqramlar, intellektual oyunlar, konsertlər, əyləncəli proqramlar təqdim ediləcək.


Bundan əlavə, festival müddətində idman yarışları, diskotekalar, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub. Turistlərin Qəbələnin tarixi məkanları, görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəkləri, belə səfərlərin keçirilməsində əsas məqsədin Qəbələnin turizm imkanlarının təqdim edilməsi olduğu bildirilib. Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və "Nocnıe Snayperi" qrupu, Vladimir Zelenski, "Kvartal 95" yumor qrupu olacaq.

Müəllif | Apa.Tv
Apa.tv