Qonaqlı-qaralı Lənkəran - YENİ İLDƏ RAYONA TURİST AXINI OLUB
Yeni il öncəsi və sonra Lənkərana gələn turistlərin sayı artıb. Onların əksəriyyəti əcnəbidir.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, onların sırasında İran, Səudiyyə Ərəbistanı, Ukrayna və Rusiyadan gələnlər çoxluq təşkil edib. Qonaqlara daha çox yerli mətbəxin - Cənub bölgəsinin təamları təqdim olunub.
İstirahət mərkəzlərinə üz tutanların rahat dincələ bilmələri üçün onlara xüsusi istirahət paketlər təklif olunub. Ümumilikdə qiymətlərdə 15-30 faiz arasında endirim olub.
Lənkəran Turizm İnformasiya Mərkəzindən isə bildirilib ki, 2017-ci ildə rayona 30 minə yaxın turist gəlib. Bunun 20 faizini xarici turistlər təşkil edir. Noyabr ayında turistlərin sayı 1600, dekabr ayında isə 3000-ə yaxın olub.
Turistlərin sayının çoxluğu nəzərə alınaraq, Lənkəranda iki böyük hotel inşa edilir. Bu hotel komplekslərindən biri dağlıq ərazidə yerləşir. 2018-ci ildə bu istirahət mərkəzləri turistlərin ixtiyarına veriləcək.
Ötən ilin dekabr ayında Lənkəranda keçirilən "Çay, çəltik və sitrus festivalı" da rayona turist axınına səbəb olub. Ələt-Astara beynəlxalq avtomobil yolu, Lənkəran Beynəlxalq Aeroportunda aviareyslərin sayının artırılması rayonda qış turizmini inkişaf etdirmək üçün real imkanlar açır.