Polis əməliyyatı zamanı iki qardaş narkotik vasitə ilə ələ keçdi - SALYANDA

Salyanda iki qardaşın yaşadığı evdə narkotik vasitələr aşkar edilib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, əməliyyat tədbirləri Salyan Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən keçirilib və nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan sakinləri, 1991-ci il təvəllüdlü Rəhimov Pərviz Rövşən oğlu və onun qardaşı, 1995-ci il təvəllüdlü Təbriz Rəhmanov saxlanılıb. Baxış zamanı isə onların üzərindən narkotik vasitə aşkar olunub.

Salyan RPŞ-nin müstəntiqi Vüqar Bayramovun sözlərinə görə, qardaşların yaşadıqları evlərdən də narkotik vasitə çıxıb: "Rəhmanov Təbriz Rövşən oğlunun yaşadığı ünvana baxış keçirilən zamanı sonuncuya məxsus evdən 65,144 qram narkotik vasitə olan tiryək və 1 ədəd narkotik vasitə olan çətənə kolu aşkar edilərək götürülüb. Onun qardaşı Pərviz Rəhmanovun yaşadığı evin ikinci mərtəbəsindən 805 qram qurudulmuş marixuana aşkar edilib.

İlkin istintaq zamanı hər iki qardaş narkotik vasitələrin onlara məxsus olduğunu etiraf edib. Ancaq müəyyən təhriflərlə.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Qeyd edək ki, P.Rəhmanov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkumluq həyatı yaşayıb. 

Müəllif | Apa.Tv
Apa.tv