Lənkəran-Lerik yolunda növbəti sürüşmə təhlükəsi
Lənkəran-Lerik yolu Azərbaycanda torpaq sürüşməsinin aktiv olduğu yollardan biridir. APA TV-nin cənub bürosunun xəbərinə görə, ərazidə quraq havalarda belə dağdan torpaq qatının ovularaq tökülməsinin şahidi olmaq mümkündür.
Burada sürüşmə yağışlı-qarlı havalarda daha tez-tez olur. Dağdan gələn qaya parçaları, daş, gil və torpaq qatı yolun hərəkət hissəsinə tökülür. Bu da nəticədə avtomobillərin hərəkətində maneələr yaradır. Sürücülər isə ərazidən avtomobillərini ehtiyatla sürdüklərini deyirlər.
Lənkəran-Lerik yolunda torpaq qatının sürüşməsini bir neçə yerdə müşahidə etmək mümkündür. Hələ qış fəsli olduğundan, yenidən yağışlar yağarsa, sürüşmə də aktivləşə bilər.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin yerli şöbəsindən isə ərazidə mütəmadi təmizləmə işlərinin aparıldığı bildirilir. İdarədən həmçinin hazırda heç bir sürüşmə olmasa da, bunun payız-qış aylarında baş vermə ehtimalının daha çox olduğu qeyd olunur. Ötən ilin noyabr ayında baş verən təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün 2018-ci ildə bu ərazilərdə bərpa işlərinin aparılması nəzərdə tutulub. Hazırda isə layihələndirmə işləri gedir.
Qeyd edək ki, bu yol Lənkəran və Lerik rayonları arasında yeganə avtomobil yoludur.