Əcnəbi turistlər Qəbələnin Nic qəsəbəsində olub
Qəbələ şəhərində keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı uğurla davam edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən festival çərçivəsində “Kvartal-95” yumor qrupunun konserti böyük tamaşaçı marağına səbəb olub.
Heydər Əliyev Konqres Mərkəzində Ukraynanın tanınmış yumoristi Vladimir Zelenskinin rəhbərliyi ilə təqdim edilən möhtəşəm konsertdə Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən gələn minə yaxın turist, eləcə də yerli yumorsevərlər iştirak edib. Gülüş ustaları zarafat dolu maraqlı söhbətləri ilə yerli və xarici tamaşaçıları güldürərək əyləndiriblər. İki saat davam edən konsert alqışlarla qarşılanıb.
Sonra Vladimir Zelenski Azərbaycan barədə xoş təəssüratlarını tamaşaçılarla bölüşüb, gözəl təbiəti olan Qəbələni çox sevdiyini bildirib. O, Qəbələdən Bakıya qayıdaraq, orada “Kvartal-95” yumor qrupunun üzvləri ilə birgə yeni konsert təşkil etmək və Azərbaycanda komediya janrında film çəkmək istədiyini də dilə gətirib.
Qeyd edək ki, Qəbələyə ailəvi gələn xarici turistlər festival çərçivəsində rayonun Nic qəsəbəsindəki “Cotari” alban kilsəsində təşkil olunan Milad bayramı ilə bağlı mərasimdə iştirak ediblər. Tədbirdə Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək, Milad bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin onlara olan diqqət və qayğısından danışıblar. Həmçinin bayram münasibətilə təbriklər səsləndirilib.
Qeyd edilib ki, keçmiş sovetlər dönəmində udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunub. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq öz bayramlarını hər il qeyd edirlər. 2002-ci ildə “Cotari“ məbədi əsaslı təmir və bərpa olunaraq udilərin istifadəsinə verilib. Hazırda Nic qəsəbəsində 3 kilsə və iki məscid var. 6 min nəfər əhalisi olan Nic qəsəbəsində 3700 udi yaşayır. Qəsəbədəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.
Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub, bayram süfrəsi açılıb.