Masallı sakini yaralı qartal tutub
Masallı sakini otlaq sahəsindən qartal tutub. Qartal yaralı olduğundan, onu götürərək evinə gətirib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, rayonun Xırmandalı kənd sakini Anar Qurbanov itmiş atını axtarmağa gedərkən qartalla özlərinə məxsus olan otlaq sahəsində rastlaşıb. Qartal qanadından yaralı olduğundan, onu sahədə buraxmayaraq evinə gətirib.
Masallının Xırmandalı kəndi dağlıq ərazi olmadığından, burada qartala nadir hallarda rast gəlinir. Anar Qurbanov üç gün əvvəl tutduğu yırtıcı qartalı ətlə qidalandırır. Eyni zamanda onun müalicəsini edə bilmədiyindən, aidiyyəti qurumlardan qartalı ondan təhvil almasını istəyir.
Qeyd edək ki, qızılquşlar fəsiləsinə aid olan qartalın dünyada 290, Azərbaycanda isə 36 növünə rast gəlinir. Ekoloqlar Qırmızı Kitaba düşən bu nadir quşların təbiətdə nizamlayıcı rola malik olduğunu, kənd təsərrüfatına ziyan vuran gəmiriciləri, xəstə heyvanları məhv etməklə təbiətdəki harmoniyanı qoruduğunu bildirirlər.