Tovuz sakininin tövləsinə oğru girib - İKİ İNƏK YOXA ÇIXIB
Tovuzda oğurluq olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində baş verib.
Gecə saatlarında kənd sakini Müşfiq Tağıyevin tövləsindən iki baş mal-qara yoxa çıxıb. Ev sahibinin dediyinə görə, axşam heyvanların hamısı yerində olub. Səhər saatlarında isə iki baş iribuynuzlu mal-qaranın oğurlandığını görüb.
M.Tağıyev dərhal Tovuz Rayon Polis Şöbəsinə məlumat verib. Kənd sakininin sözlərinə görə, oğru ərazini yaxşı tanıyan birisi olub. O, yalnız kökəltmək üçün bağlanılan heyvanları seçib aparıb.