Lənkəranda yeni dünyaya gələn əkizlər öldü
Lənkəranda yeni dünyaya gələn əkiz körpələr ölüb. APA TV-nin cənub bürosunun məlumatına görə, uşaqlardan biri qız, digəri isə oğlan övladı olub.
Hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında baş verib. Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanı gecə saat 2:00 radələrində xəstəxananın doğum şöbəsinə yerləşdiriblər. Onun hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb və buna görə də həkimlər 7 aylıq körpələrin dünyaya gətirilməsinə qərar veriblər. Körpələr tez dünyaya gəldiyindən, küveysə yerləşdirilib. Lakin bir neçə saatdan sonra əkizlərin hər ikisi dünyasını dəyişib.
Alidə Məmmədovanın yaxınlarının sözlərinə görə, bir il öncə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada ölüb.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasından isə ana Alidə Tofiq qızı Məmmədovanın xəstəxanaya yüksək təzyiqlə daxil olduğu bildirilib. Uşaqlara perinatal mərkəzdə yardım edilsə də, onlar həm yarımçıq olduğundan, həm də ana bətnində infeksiyaya yoluxduqlarından ölüblər. Körpələrin meyiti ekspertizaya verilib. Hadisə ilə bağlı araşdırma aparılır.