23 yaşlı şair özünü dənizə niyə atdı? - OXUDUĞU UNİVERSİTETDƏN REAKSİYA
Ötən gecə Bakıda dənizə düşən şəxsin intihar etdiyi bildirilir. APA TV-nin xəbərinə görə, həmin şəxs Lerik rayonunun Kirəvud kənd sakini, 23 yaşlı Məlik Cahangirovdur.
Hadisə “Yaxt Klub”a yaxın ərazidə qeydə alınıb. Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində axtarışları davam etdirir.
Bakıda kirayədə yaşayan Məlik Cahangirov Azərbaycan Pedaqoji Universitetində təhsil alıb. O, 2013-cü ildə coğrafiya müəllimliyi ixtisasına qəbul olub. Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirib ki, onun xarici dil fənnindən 3-cü semestrdə kredit borcu qalıb, Xəzərin iqtisadi coğrafiyası fənnindən isə imtahana buraxılmayıb. 2017-ci ilin sentyabr ayının əvvəllərində dekanlığa gəlib sessiya başlayanadək təhsil haqqını ödəyə bilmədiyinə görə kreditdə oturmayacağını bildirib və bir daha universitetə gəlməyib: "Məlik Cahangirov universitetimizdə əvvəlki illərdə təhsil alıb. 2013-2014-cü tədris ilində bizim universitetin coğrafiya müəllimliyi ixtisasına qəbul olub. 2016-2017-ci tədris ilinin yaz semestrində iki akademik borcu olub. Son semestrdə dərslərdə iştirak etmədiyi üçün kredit sistemi ilə tədrisin təşkili haqqında qaydalara əsasən, semestrin sonunda - 2017-ci ilin dekabrında tələbələr sırasından xaric olunub".
Eldar Aslanov deyir ki, bu qərarla bağlı tələbənin heç bir reaksiyası olmayıb. Prorektor Məlik Cahangirovun bu səbəbdən intihar etməsi xəbərlərinin əsassız olduğunu deyir: "Bizim araşdırmamıza, məlumatlarımıza görə, tələbənin qərarla bağlı hər hansı bir xüsusi reaksiyası olmayıb. Ümumiyyətlə, ali məktəblə əlaqə saxlamayıb. Baxmayaraq ki, özü ilə dəfələrlə fakültə tərəfindən əlaqə saxlanılıb dəvət olunsa da, tədrisdən müəyyən qədər soyuyub və uzaqlaşıb. Güman etmirəm ki, onun bu addımı atmasına səbəb onun tələbə olaraq yaşadığı qarşılaşdığı problemlər olub. Nəzərə alsaq ki, o problemlər o qədər də ciddi problemlər deyil".
Məlik Cahangirov oxuduğu müddətdə universitetdə keçirilən intellektual yarışmalarda iştirak edib. Təbiətcə sakit bir insan olub. Həm də yaradıcılıqla məşğul olan Məlik yazdığı şeirləri mütəmadi olaraq özünün "Facebook" səhifəsində paylaşıb. Sonuncu dəfə isə o, paylaşımına Xəzər dənizinin rəsmini qoyaraq intihar ruhunda şeir yazıb.