Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalı açılıb

Prezident İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

 

APA TV-nin məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlər barədə məlumat verib.

 

Bildirilib ki, Baş Plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün 1 körpü nəzərdə tutulub. Həmçinin xidməti donanma gəmiləri üçün təmir bazasının, limanın əməliyyat binasının, yük sahələri və anbarların, sərhəd və gömrük xidməti məntəqələrinin, ümumilikdə, 72 müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksdə xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 kiçik gəminin yan alması mümkündür.

 

Dövlət başçısının müvafiq sərəncamının icrası ilə bağlı verilmiş tapşırığa əsasən, bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. 2010-cu ildə prezident İlham Əliyevin iştirakı ilə kompleksin təməli qoyulub, 2014-cü ildə isə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

 

Prezident İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verilib. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Terminaldakı birinci körpünün illik yükaşırma qabiliyyəti 800 min ton, ikinci körpününkü isə 1 milyon tondur. Ro-Ro terminalı iki yanalma körpüsündən ibarətdir. Birinci körpünün uzunluğu 222 metr, ikinci körpünün uzunluğu isə 190 metrə yaxındır. Terminal daşımaların avtomobil-su və su-avtomobil seqmentlərində təkərli texnikanın daşınması üçün nəzərdə tutulur.

 

Dövlət başçısı terminalın açılışını edib.

 

Sonra dövlət başçısına hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin inşaat ərazisində görülən işlər barədə məlumat verilib.

 

Prezident İlham Əliyev inşaat ərazisini gəzib, işlərin gedişi ilə yaxından tanış olub.

Müəllif | Apa.Tv
Nigar Həsənli