Oleq Kuznetsov: "Türkmənçay müqaviləsi Xəzərin hüquqi statusunu müəyyənləşdirdi"

Fevralın 10-da Rusiya və İran arasında Türkmənçay sülh sazişinin imzalanmasının 190 ili tamam olacaq.

 

APA TV-nin xəbərinə görə, bu müqavilə Rusiyanın 12 oktyabr 1813-cü ildə Gülüstan müqaviləsi ilə əldə etdiyi əraziləri bir daha təsdiqləyib.

 

Bundan əlavə, Rusiya Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqlarını da öz ərazisinə qatıb. Üstəlik, İran üzərinə 20 milyon rubl dəyərində təzminat tələbi qoyulub.

 

Rusiyalı tarixçi-alım Oleq Kuznetsovun fikrincə, Türkmənçay müqaviləsi Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən çoxtərəfli sənəddir: "Buna kimi belə beynəlxalq hüquqi bir aktlar olmayıb. Bu məsələyə çox az diqqət yetirilir. Daha bir vacib məsələ Türkmənçay müqaviləsindən sonra, eyni ilə Gülüstan müqaviləsindəki kimi, Azərbaycanın şimal xanlıqlarındakı mövcud pul vahidinin qorunub saxlanması idi. Xanlıqlarda və Rusiyada eyni pul vahidindən 12 il ərzində istifadə edilib".

 

Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib ki, Türkmənçay müqaviləsinin həm siyasi, həm də ideoloji əhəmiyyəti var. O bildirib ki, bu müqavilənin arxasında həm də Britaniya dayanır: "O zamanlar Rusiya və İngiltərə İran ərazisində müharibə aparırdı. Türkmənçay müqaviləsi də o vaxtkı müharibənin nəticəsi olaraq İngiltərə və Rusiya arasında çəkilmiş sərhədləri müəyyən etdi".

Müəllif | Apa.Tv