Paytaxtda qadın oğru tutuldu - QIZILLAR EVİNDƏN ÇIXDI
Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, bu barədə ev sahibi Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat verib.
Şikayətçi evdə olmadığı müddətdə naməlum şəraitdə onun mənzilindən 5320 manatının və 3375 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Nigar Eldar qızı Hüseynova tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Onun evində aparılan axtarış-götürmə tədbiri zamanı zərərçəkənin evindən oğurladığı 2 ədəd qızıl üzük aşkar edilərək istintaq materiallarına əlavə edilib.
Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun Yasamal rayonunda daha bir mənzildən oğurluq etdiyi məlum olub. Hər iki oğurluq hadisəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir.