“Milli Ön” aparatını sındırıb, pulları apardı - BAKININ MƏRKƏZİNDƏ

Bakıda “Milli Ön” ödəmə terminalı sındırılaraq içindəki pul vəsaiti oğurlanıb.

 

APA TV-nin xəbərinə görə, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə paytaxtın Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manatın oğurlanması barədə məlumat daxil  olub.

 

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. 1992-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş paytaxt sakini Kamran Yusif oğlu Kərimov saxlanılıb. O, ifadəsində balta ilə həmin aparatı qıraraq içərisindəki pulları taladığını etiraf edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Nigar Həsənli