Baş Mühafizə İdarəsi hesabat verdi: Göyçayda regional müşavirə
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları 2017-ci ildə tapılan 19 silahı və 222 ədəd döyüş sursatını rayon polis şöbələrinə təhvil veriblər. Bundan əlavə, mühafizə polisi tərəfindən obyektlərdə baş verən 210 oğurluq hadisəsinin qarşısı alınıb və 108 nəfər, digər 130 cinayət hadisəsinə görə isə 158 nəfər saxlanılaraq polis şöbələrinə təhvil verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu fikirlər yanvarın 9-da Göyçay rayon Heydər Əliyev Mərkəzində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin bir neçə regional mühafizə şöbələrinin ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirəsində səsləndirilib.
Baş Mühafizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Asəf Dəmirov bildirib ki, təmsil etdiyi idarə müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil strukturdur. O, Baş Mühafizə İdarəsinin tabeliyində bir alayın, 14 idarənin, 19 şöbənin, 17 bölmənin olduğunu qeyd edib. Asəf Dəmirov 2017-ci ildə idarənin 9 mindən çox əməkdaşı tərəfindən hüquqi və fiziki şəxslərə məxsus 17 146 obyektin polis mühafizəsinə qəbul olunduğunu, xidmət zamanı heç bir xoşagəlməz halın qeydə alınmadığını bildirib. Qorunan obyektlərin təqribən 75 faizini sahibkarlıq subyektləri təşkil edir.
Göyçay Regional Mühafizə Şöbəsinin rəisi, polis mayoru Əhliman Eminov deyib ki, ötən il əməkdaşlar tərəfindən qorunan obyektlərdə baş verə biləcək oğurluq və yanğın hadisələrinin qarşısı alınıb, axtarışda olan, eləcə də evində narkotik vasitə gizlədən şəxslər, ictimai qaydanı pozan 28 nəfər saxlanılaraq rayon polis şöbəsinə təhvil verilib.
Müşavirədə Qəbələ, Şamaxı, Ağdaş mühafizə idarələrinin rəisləri görülən işlər və qarşıda duran məsələlər barədə məruzə ediblər. Tədbirdə əldə edilən uğurlar qeyd edilib, mövcud nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.