Qəbələdə əcnəbi turistlər üçün Azərbaycan mədəniyyət gecəsi təşkil olunub

Qəbələ şəhərində XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının əcnəbi iştirakçıları üçün Azərbaycan mədəniyyət gecəsi təşkil olunub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yanvarın 8-də Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə Azərbaycanla Ukrayna arasındakı mədəni və turizm əlaqələrinin əhəmiyyətindən danışılıb.

 

Ukrayna, Rusiya, Belarus və Avropa ölkələrindən gələn yüzlərlə turistə monitor vasitəsilə xalqımızın qədim tarixi, musiqi mədəniyyəti, milli mətbəxi və turizm imkanları təqdim olunub. Festival iştirakçıları Heydər Əliyev Konqres Mərkəzinin foyesində istedadlı gənclərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

 

Mədəniyyət gecəsi yerli musiqiçilərin konserti ilə davam edib. Dinləyici auditoriyasına Azərbaycan musiqiləri və Azərbaycan rəqsləri təqdim olunub. Nağaraçıların çıxışı, “Cəngi”, “İgidlər” rəqsi və “Azərbaycan” mahnılarının ifası alqışlarla qarşılanıb.

 

Sonra əcnəbi qonaqlara “Qafqaz Riverside” hotelində milli mətbəximizin ləziz yeməkləri təqdim olunub. Tədbir iştirakçıları Azərbaycan mədəniyyəti və turizminin dünyada tanıdılması üçün bu kimi festivalların keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

 

Qeyd edək ki, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı yanvarın 10-da başa çatacaq. Tədbirin proqramına uyğun olaraq yanvarın 9-da Vaxtanq Kikabidzenin, yanvarın 10-da isə Diana Arbeninanın iştirakı ilə “Noçnıe Snayperı” qrupunun konsertləri olacaq.

 

"APA Holding" beynəlxalq festivala informasiya dəstəyi verir.

Müəllif | Apa.Tv
Elvin Yaqubov