FHN: Axtarışlar alpinistlər tapılana kimi davam etdiriləcək

"Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tapşırığı var. İtkin düşən 3 alpinist tapılana kimi axtarışlar davam etdiriləcək. Bu məsələ konkretdir".

 

APA TV-nin xəbərinə görə, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.

 

Nazir müavini bildirib ki, itkin düşən 3 alpinistin axtarışında ancaq peşəkarlar iştirak etməlidir: "Burada avstriyalı mütəxəssislər iştirak edir. Onlar deyirlər ki, belə havada onların ölkələrində, ümumiyyətlə, axtarış aparmırlar. İtkin düşən alpinistlər ən asan - B 1 marşrutu üzrə hərəkət etməli imişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib".

 

Faiq Tağızadə axtarış prosesinə FHN-in 60-dək peşəkarlardan ibarət əməkdaşının qatıldığını deyib. O, sosial şəbəkə istifadəçilərinə də müraciət edib: "İnsanlar sosial şəbəkələrdə məlumat paylaşanda diqqətli olmalıdır. İtən 3 alpinistin yaxınlarını nəzərə almaq lazımdır. Ancaq rəsmi məlumatları paylaşmaq lazımdır".

 

Müşavirədə iştirak edən Avstriya Daxili İşlər Nazirliyinin dağ-xilasetmə polisi Adolf Herrer bu hava şəraitində digər ölkələrdə axtarış işlərinin dayandırıldığını deyib: "Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmayıb deyə, Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi. Həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı".

 

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə deyib ki, itkin düşmüş alpinistlərin üzvü olduğu "Gilavar" idman klubu Ədliyyə Nazirliyində qeydiyyatdan keçib: "Alpinistlərin itkin düşdüyü ərazi "Şahdağ" Milli Parkının ərazisinə düşür. Milli Parka giriş üçün icazə yalnız flora və faunanın mühafizəsinə görə verilir. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının, yaxud bizim nazirliyin alpinistləri lazım olan avadanlıqlarla təchiz etmək öhdəliyi yoxdur".

 

Qeyd edək ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan