Rusiya Türkiyəni ittiham etdi: Hərbi bazamıza dronlar cavabdeh olduğunuz ərazidən buraxılıb
"Yanvarın 6-da Rusiyanın Suriyadakı hərbi obyektlərinə yaxınlaşan pilotsuz uçuş aparatları müxalifətin nəzarətində olan İdlibin cənub-qərb hissəsindəki Muazzara yaşayış məntəqəsindən buraxılıb".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiyanın Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlikdən bildirilib ki, sözü gedən ərazi üzrə cavabdehliyi Türkiyə tərəfi daşıdığından hadisə ilə bağlı həmin ölkənin Baş Qərargah rəisi Hulusi Akar və Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidana rəsmi məktublar göndərilib.
Sənədlərdə rəsmi Ankaradan de-eskalasiya zonasında postlar qurulması və gələcəkdə silahlı qruplaşmaların analoji hücumlarının qarşısının alınması üçün tədbirlər görülməsi tələb edilib.
Xatırladaq ki, yanvarın 6-da Rusiyanın Hmeymim və Tartusdakı hərbi obyektlərinə ümumilikdə 13 pilotsuz uçuş aparatı yaxınlaşıb ki, bu aparatlardan 10-u məhv edilib. Müdafiə Nazirliyi hadisəyə dərhal reaksiya verərək, dronların 100 kilometrlik məsafədən idarə olunduğunu və hazırda onların texniki quruluşunun öyrənildiyini açıqlayıb.
Türkiyə isə öz növbəsində Suriya ordusunun İdlibdəki təhlükəsizlik zonasının sərhədlərini pozması xəbərindən sonra Rusiya və İranın Ankaradakı səfirlərini XİN-ə çağıraraq, Suriya hökumətinə təhlükəsizlik zonalarının sərhədlərini pozmamaqla bağlı xəbərdarlıq ünvanlayacaq.
Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib.