Cənubi Koreya prezidenti: "Kim Çen Inla görüşə hazıram"
Cənubi Koreya prezidenti Şimali Koreya lideri Kim Çen Inla görüşə hazır olduğunu bildirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Mun Çje İn bildirib ki, Şimali Koreya prezidenti ilə görüş müəyyən şərtlər əsasında baş tuta bilər.
Mun Çje İn belə bir görüşün keçiriləcəyi barədə daha öncə Almaniya səfəri zamanı bəyanat verib. O, Berlində Pxenyanın Seulla münasibətləri gərginləşdirməyəcəyi təqdirdə, Kim Çen Inla bir araya gəlməyin mümkünlüyünü ifadə edib.
İki ölkə liderləri iki dəfə - 2000-ci və 2007-ci ildə görüşüb. Hər iki görüş Pxenyanda keçirilib. O zaman Şimali Koreyanı Kim Çen Inın atası Kim Çen İr təmsil edib.
Xatırladaq ki, dünən, yanvarın 9-da Cənubi və Şimali Koreya təmsilçiləri arasında Phanmunconda keçirilən danışıqlar yekunlaşıb.
Tərəflər sərhəddə gərginliyi azaltmaq üçün hərbi kanallarla danışıqlar aparılması, eləcə də hərbiləşdirilmiş rabitə xəttinin bərpası barədə razılığa gəlib.
Bundan əlavə, danışıqlarda Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı məsələlər də müzakirə edilib.