Şuşadan çıxarılan Azərbaycan bayrağı bu muzeydə saxlanılır
Masallı rayonunun Xırmandalı kənd sakini Əmirəli Yaqubov 15 ildir Xırmandalı Kənd Mədəniyyət Evində muzey yaradıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, muzeydə olan eksponatlar əsasən qədimi məişət və təsərrüfat əşyalarıdır. Ümumilikdə burada olan eksponatların sayı 800-ə yaxındır.
Əmirəli Yaqubov deyir ki, bu işə böyük marağı olduğundan eksponatları da öz vəsaiti hesabına əldə edib. Muzeydə saxlanılan ən dəyərli eksponatlardan biri 1992-ci ildə Şuşa şəhəri işğal olunarkən oradan çıxarılan Azərbaycanın üçrəngli bayrağıdır. Bu bayraq bir zabit tərəfindən ermənilərin əlinə keçməsin deyə götürülərək gətirilib. Bayraq 5 il əvvəl Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə edilib.
Eksponatların arasında ən qədim əşya isə V-VI əsrlərə aid daşdan hazırlanan məişət əşyasıdır. Burada XVII və XIX əsrlərə aid tüfəng də var ki, bunu da Əmirəli Yaqubov kənd sakinlərindən əldə edib. Onun digər bir istəyi isə muzeyi qoruyub gələcək nəsillərə ötürmək üçün yeni binanın inşa olunmasıdır. Hazırda binanın şəraitsiz vəziyyətdə olması eksponatların tez sıradan çıxmasına səbəb olur.