"QALATASARAY"-"YUVENTUS" OYUNU BU GÜN 17.00-DA KEÇİRİLƏCƏK

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ötən gecə İstanbulda keçirilən "Qalatsaray"-"Yuventus" qarşılaşmasında Avropa futbol tarixində nadir təsadüf olunan hadisələrdən biri baş verib. "Türk Telekom Arena"dakı oyunun 25-ci dəqiqəsində güclü qar yağmağa başlayıb. APA TV-nin xəbərinə görə, bir neçə dəqiqə ərzində meydançanın ot örtüyü bəyaza bürünüb.

 

Əvvəlcə qarşılaşmanın topu qırmızı rəngli başqa bir topla dəyişdirilib. Lakin 32-ci dəqiqə oynanarkən hakim Pedro Proença oyunu dayandırıb. O, futbolçuları yanına çağırıb. Qısa məsləhətləşmədən sonra hakim futbolçuları soyunma otağına göndərib və oyunda 20 dəqiqəlik fasilə elan edildiyi bildirilib.

 

Məcburi fasilə zamanı meydançanın qardan təmizlənməsinə başlanılıb. Medyançadakı xətlər narıncı rənglə yenidən çəkilib. Hakimlər tunelin önündə dayanaraq meydançanın təmizlənməsini və hava şəraitini yoxlayıb. Amma hakimin "Qalatasaray" və "Yuventus"un kapitanları, eyni zamanda UEFA rəsmiləri ilə apardığı danışıqlardan sonra qarşılaşmanın təxirə salındığı açıqlanıb.

 

Oyunun təxirə salınmasından sonra qarşılaşmanın nə vaxt davam etdiriləcəyi barədə qərarın gözlənilməsinə başlanılıb. UEFA oyunun bu gün Bakı vaxtı ilə saat 17.00-da keçirilməsini təklif etsə də, İstanbul polisi təhlükəsizlik baxımından qarşılaşmanın Bakı vaxtı ilə saat 18.00-da keçirilməsini məqsədəuyğun hesab edib. Uzun məsləhətləşmələrdən və tərəddüdlərdən sonra gecə saat 04 radələrində UEFA son qərarını açıqladı. Oyun dekabrın 11-də Bakı vaxtı ilə bu gün saat 17.00-da davam etdiriləcək. Elan olunan vaxtda şərait qarşılaşmanın davam etdirilməsinə imkan verməsə, oyun başqa gün, hətta, başqa bir şəhərdə keçirilə bilər.

 

"Qalatasaray" və "Yuventus"un mübarizə apardığı qrupda play-off mərhələsinə vəsiqə qazanan ilk komanda artıq məlumdur. "Kopenhagen"i məğlub edən "Real" qrup birincisidir. İkinci vəsiqənin sahibi isə "Qalatasaray"-"Yuventus" qarşılaşmasından sonra məlum olacaq. Qələbə və ya heç-heçə "Yuventus"u play-off mərhələsinə çıxaracaq. "Qalatasaray" isə heç-heçə oynasa və ya məğlub olsa, mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olacaq. "Kopenhagen"in Avropa kubokları macərası istənilən halda bitib.

 

Müəllif | Apa.Tv
Apa.tv