Vaxtanq Kikabidze Qəbələdə konsert verib
Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, festivalın proqramına uyğun olaraq Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən gələn yüzlərlə turist, eləcə də yerli qonaqlar üçün Gürcüstanın xalq artisti, görkəmli kino aktyoru və müğənni Vaxtanq Kikabidzenin solo konserti olub.
Yanvarın 9-da Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl Qəbələnin gözəlliyindən söz açan ifaçı yerli və xarici tamaşaçılar qarşısında çıxışdan qürur duyduğunu bildirib. Bakıda iki dəfə konsert verdiyini deyən tanınmış ifaçı Qəbələyə ilk dəfə gəldiyini, buranın gözəlliyinə və insanların xeyirxahlığına valeh olduğunu, Azərbaycanı çox sevdiyini bildirib. Vaxtanq Kikabidze yaradıcılığının müxtəlif dövrlərinə aid mahnıları tamaşaçılara onların tarixçələrini danışaraq təqdim edib. Repertuarda onun məşhur “Mənim illərim-mənim sərvətim”, “Mimino” filmindəki mahnıları da olub.
Konsertin sonunda tamaşaçı alqışları ilə yenidən səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı “Bəri bax”ın da daxil edildiyi “Qafqaz popurisi” ilə sona çatdırıb. O, tamaşaçıları Yeni il münasibətilə təbrik edib, onlara sevgi və səadət arzulayıb.
Sonra tanınmış gürcü müğənnisi Nutse Buzaladze Azərbaycan, rus, ingilis, gürcü və türk dillərində mahnılar oxuyub. O, xalq artisti Polad Bülbüloğlunun oxuduğu “Şən Azərbaycan” mahnısını da ifa edib. Sonra Gürcüstanın “Mqzavrebi” musiqi qrupunun çıxışı olub.
Qeyd edək ki, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı yanvarın 10-da Diana Arbeninanın iştirakı ilə “Noçnıe Snayperı” qrupunun konserti ilə başa çatacaq.
"APA Holding" beynəlxalq festivala informasiya dəstəyi verir.