10-cu sinif şagirdləri ingilis dilindən monitorinq imtahanı verdi
Dövlət İmtahan Mərkəzi 10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirib.
APA TV-nin xəbərinə görə, 1 saat 30 dəqiqə davam edən imtahanın 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsinə ayrılıb.
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib: "Bu imtahanın fərqi ondan ibarətdir ki, ilk dəfə olaraq kütləvi imtahanlarda şagirdlərin mətni oxuyub-anlama xüsusiyyətlərini yoxlanmayacaq, eyni zamanda mətni eşidib necə anlayıblarsa, qulaq asaraq yazılı şəkildə uşaqlar cavab verməlidir".
Sədr bildirib ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və kurrikulumların tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır: "Bu il XI sinfin buraxılış imtahanları zamanı xarici dil fənni ənənəvi test üsulu ilə aparılacaq. Gələn il isə XI sinfin buraxılış imtahanlarında xarici dildən yeni növ tapşırıqlarının istifadəsi nəzərdə tutulub. Gələn il IX sinifdən buraxılış imtahanı verəcək şagirdlər də kurrikulum əsasında təhsil alıblar. Onlar da belə növ tapşırıqları bilməlidir. Monitorinq imtahanları ekspertlər arasında çox geniş müzakirə ediləcək və imtahan nəticələri Təhsil Nazirliyinə təqdim olunacaq".
İmtahan 98 məktəbdə təşkil olunub. İmtahanda Azərbaycan bölməsi üzrə 5271, rus bölməsi üzrə 771 şagirdi iştirak edib. DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində müzakirə olunub. Gələn həftə 3 aylıq imtahan təqvimi elan ediləcək.