Səudiyyə vəliəhdi şəxsi ordusunu yaradıb - SNAYPERLƏR, DESANTLAR, KOMMANDOLAR
Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman əl-Səud özəl hərbi şirkət olan "BlackWater" (BləkVotə) ilə birlikdə mini-ordu yaradıb.
APA TV-nin "Səbq" nəşrinə istinadən məlumatına görə, bilavasitə vəliəhdə tabe olan 5 min nəfərlik hərbi birləşmə 2015-ci ildən təşkil olunsa da, geniş ictimaiyyət bundan yalnız indi xəbər tutub.
Onun tərkibinə ciddi fiziki-psixoloji sınaqdan keçmiş, yüksək hərbi hazırlığa malik zabit və əsgərlər daxildir. "Əl-Əcrab" adı verilmiş ordunun qoşun növlərinə çevik polis alayı, hava desant qüvvələri, hərbi dəniz qüvvələri, mitinq və nümayişlərin dağıdılmasında istifadə olunacaq xüsusi təyinatlılar, habelə snayperlər daxildir.
Bir müddət əvvəl ölkədəki anti-korrupsiya əməliyyatlarında da məhz bu ordunun köməyindən istifadə olunub.
Qeyd edək ki, "Əl-Əcrab" Səudiyyə Ərəbistanı krallığının banisi imam Türki bin Abdullah bin Məhəmməd Əl-Səuda məxsus qılıncın adıdır. XIX əsrdə Bəhreyn şeyxinə hədiyyə olunan qılınc 140 il muzeydə saxlandıqdan sonra 2010-cu ildə Səudiyyə kralına təhvil verilib.