Ağdamda Milli Qəhrəman Muxtar Qasımovun 60 illiyi qeyd olunub

Ağdamda Azərbaycanın Milli Qəhrəmanı Muxtar Qasımovun 60 illik yubileyi qeyd olunub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tədbir Müdafiə Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə Milli Qəhrəmanın ailəsi, döyüşçü və həkim dostları, ön xətdə xidmət edən hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Tədbir iştirakçıları ilk öncə torpaq uğrunda canından keçən vətən övladlarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Daha sonra rayonun Quzanlı qəsəbəsindəki Mədəniyyət Evində bir araya gəliblər. Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansamblının solistləri vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər.

 

Milli Qəhrəmanın həyat yoldaşı Mətanət Abbasova vətən uğrunda şəhid olan oğulları unutmadığına görə tədbir iştirakçılarına təşəkkür edib: "Mən inanıram ki, biz şəhidlərimizi işğal olunan torpaqlarımızda yad edəcəyik".

 

Mərasimdə Muxtar Qasımovun qəhrəmanlıqla dolu həyat hekayəsi barədə məlumat verilib. Bildirilib ki, Milli Qəhrəman Qasımov Muxtar Cahid oğlu 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində doğulub. Ağdamda yaşayıb təhsil alan Muxtar  Qasımov Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra təyinatla Xankəndidə çalışıb. 1988-ci ildə Xankəndidə qarşıdurmalar başlayandan sonra Ağdama qayıdaraq hərbi hospitalda çalışıb, döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərib.  Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayıb.

 

Muxtar Qasımov 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal və Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq onlarla yaralının həyatını xilas edib. 16 iyul 1992-ci ildə Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən şəhid olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan prezidenti Heydər Əliyevin 5 fevral 1993-cü il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı