Prezident İlham Əliyev: "Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır"

Yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı iclasda giriş nitqi söyləyib.

 

2017-ci ildə Azərbaycanın sürətlə və uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev dünyanın müxtəlif yerlərində təhlükə və risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunduğunu bildirib.

 

"Dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq, ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir", - deyən dövlət başçısı bütün bunların sabitlik nəticəsində əldə olunduğunu, bu sabitliyin və uğurlu siyasətin təməlində xalq-iqtidar birliyinin, xalqın dəstəyinin dayandığını vurğulayıb.

 

Dərin iqtisadi islahatlar ili kimi xarakterizə olunan 2017-ci ildə iqtisadi sahədə böyük uğurların qazanıldığını deyən prezident İlham Əliyev beynəlxalq maliyyə qurumlarının Azərbaycanda gedən proseslərə yüksək qiymət verdiyini bildirib.

 

Ötən il bir çox önəmli layihələr icra edilib. Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. İxrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb. İdxalın sabit səviyyədə qalmasını böyük nəticə kimi dəyərləndirən prezident İlham Əliyev vurğulayıb ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Prezident bildirib ki, ötən il ərzində 177 mini daimi olmaqla, ümumilikdə 221 min yeni iş yeri açılıb. İşsizlik səviyyəsi 5, yoxsulluq dərəcəsi isə 5,4 faiz səviyyəsində qərarlaşıb. Bu isə dünya səviyyəsində ən yaxşı nəticələrdən biridir.

 

Məcburi köçkünlərlə bağlı məsələlərin də həllini tapdığını, 2300 ailənin yeni mənzillərə köçürüldüyünü deyən Azərbaycan prezidenti Cocuq Mərcanlının bərpasını tarixi nailiyyət adlandırıb.

 

Dağlıq Qarabağ məsələsinə toxunan prezident İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb, ölkəmizin mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bildirib. "Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır", - deyən dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyannaməsində də öz əksini tapıb. Ölkəmizin hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü orduları sırasında olduğunu deyən prezident İlham Əliyev növbəti illərdə də bu sahədə tədbirlərin görüləcəyini, yeni silahların alınacağını bildirib.

 

Dövlət başçısı "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsini nəzərdə tutan müqavilənin 2050-ci ilədək uzadılmasının əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin icrasının uğurla təmin edildiyini, "Şahdəniz-2" qaz layihəsinin icrasının 99 faizə çatdığını "Cənubi Qafqaz" qaz kəmərinin 93 faiz, TANAP layihəsinin 90 faiz icra edildiyini, TAP layihəsi üzrə işlərin qrafikə uyğun getdiyini bildirib. Prezident həmçinin açılışı ötən il olan Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirdiyini vurğulayıb, Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində də önəmli addımların atıldığını, dəmir yolunun İran sərhədinədək olan hissəsinin tikintisinin təmin edildiyini bildirib. Prezident İlham Əliyev 2018-ci ilin də ölkəmiz üçün uğurlu olacağına əminliyini ifadə edib.

 

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər.

 

Yekun nitqində Prezident İlham Əliyev 2018-ci ildə ölkədə makroqtisadi vəziyyətin sabitliyi ilə bağlı lazımi tədbirlərin görüləcəyini bildirib. Dövlət başçısı həmçinin qeyri-neft sektorunun inkişafının daim diqqət mərkəzində saxlanıldığını, dövlət tərəfindən sahibkarların güzəştli kreditlə təminatının davam etdiriləcəyini, habelə yeni iş yerlərinin açılması üçün tədbirlərin görüləcəyini qeyd edib. Dövlət başçısı 2018-ci ildə yeni mənzillərlə təmin olunacaq məcburi köçkünlərin sayının iki dəfə artacağını da vurğulayıb. Cari ildə 3 ASAN Xidmət mərkəzinin fəaliyyətə başlayacağını vurğulayan prezident bildirib ki, bundan sonra daha 5 mərkəzin tikintisinə başlanacaq.

 

Müşavirənin sonunda bu il müstəqilliyimizin 100 illiyinin qeyd ediləcəyini deyən prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandırıb, müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu deyib və bütün bunları nəzərə alaraq 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov