Şamaxı və İsmayıllıda yollar buz bağlayıb
Dünən günorta saatlarından başlayaraq Şamaxı rayonuna yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətində ciddi maneələr yaradıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb.
Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də Şamaxı və İsmayıllının dağ kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib.
Şamaxının Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb. Kəndlərə gedən bəzi sürücülər öz avtomobilini yolun kənarında saxlayaraq, digər avtomobillər vasitəsilə hərəkət ediblər.
Əraziyə Şamaxı rayon 8 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilib, yollar qardan təmizlənib.
Buna baxmayaraq, axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir.