Həyətində quyu qazan Lənkəran sakini tarixi əşyalar aşkarladı: "Yaşı 100 ildən çoxdur"
Lənkəran sakini həyətində qazıntı işi apararkən quyudan saxsı qablar aşkar edib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə gorə, Lənkəran rayonunun Cil kənd sakini, Amid Xurşidzadə bir neçə ay əvvəl həyətyanı sahəsində su quyusu qazıb. Quyunun eni 1 metr, dərinliyi isə 5 metr olub.
Qazıntı işləri aparılarkən yerin 5 metr dərinliyindən saxsı qablar çıxıb. Saxsı qabların ikisi bütöv, biri isə sınmış halda olub. A.Xurşidzadənin sözlərinə görə, aşkar olunan qablar həcminə görə məişət xarakteri daşıyır:
"Materiallarına sadə insan gözü ilə baxdığımız zaman onların keyfiyyəti və torpaqdan hazırlanması, onların torpağın 5 metr dərinliyində yüz illərin sınağından keçməsi qabların nəfis tərtibatından və tarixindən bizlərə məlumat verir".
A.Xurşidzadə onu da bildirir ki, burada əvvəllər yaşayış olmayıb. O, kəndin yaşlı adamları və tarix müəllimlərinə də bu əşyaları göstərib. Onların fikirincə, saxsı qabların bir neçə yüz il əvvələ və yaxud da daha əvvəlki dövrə aid olma ehtimalı var:
"Biz kəndimizin yaşlılarından və tarix müəllimlərindən maraqlandığımızda bu ərazilərdə ən azı bir yüzillik tarixdə insan yaşamayıb. O səbəbdən də bu alətlərin tarixi maraqlıdır. Ola bilər ki, burada daha geniş ərazidə qazıntılar aparılsa daha geniş dərinlikdə hansısa tarixi faktları üzə çıxara biləcək digər əşyalar tapmaq olar".
Ev sahibi aşkarladığı dulusçuluq məmulatlarını yoxlanılması və tarixinin araşdırılması üçün aidiyyəti qurumlara təhvil vermək niyyətindədir.