OPEK və ABŞ arasında "qiymət müharibəsi" davam edir - NEFT BAZARINDA SON VƏZİYYƏT

Dünya neft bazarında qiymətlər stabilləşir.

 

APA TV-nin məlumatına görə, həftənin ilk seanslarında "Brent" markalı neftin bir bareli 69,95 dollardan təklif olunur. Bu markadan olan neftin qiyməti uzun müddətdir 70 dollar civarında dəyişir.

OPEK üzvləri və istehsalın azaldılması razılaşmasına imza atan qeyri-kartel ölkələri isə qiymətlərin bahalaşması üçün var qüvvələrini səfərbər edib.

 

İraqın neft naziri Cabbar əl-Luaibi Abu-Dabidə verdiyi açıqlamada istehsalın azaldılmasının bazarda stabillik yaranmasına kömək etdiyini və müqaviləyə əməl olunmasının lazım olduğunu deyib. OPEK sədri Məhəmməd Barkindo isə həmin konfransda xam neftə tələbin 2018-ci ildə günlük 1,5 milyon barel artacağını bildirib. Hər iki çıxış qiymətlərə müsbət təsir edib.

 

Digər tərəfdən qiymətlərin ucuzlaşmasına təsir göstərən hadisələr baş verir. ABŞ-da fəal neft quyularının sayı artıb. 10 quyunun artması ilə son altı ayda ən böyük yüksəliş qeydə alınıb.

"OPEK ölkələri qiymətlərin yüksəlməsi üçün əlindən gələni edir, ABŞ-da istehsalın artması ilə bunun qarşısı qismən də olsa alınır" - bu, mütəxəssislərin neft bazarında hazırda baş verənlərə münasibətidir.

 

Qərbi Texas neftinin qiyməti də kiçik bahalaşma ilə 64-65 dollar arasında stabilləşir. Hazırda WTİ nefti 64,47 dollardan satılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı