Dr. Səbinə Mirzəyeva kitabını təqdim edib

Yüksək riskli hamiləlik və doğum üzrə mütəxəssis, cərrah, mama-ginekoloq Dr. Səbinə Mirzəyeva "Dr. Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" adlı kitabını təqdim edib.

 

APA TV-nin xəbərinə görə, kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib, hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib: "Məqsəd odur ki, Dr. Səbinə Mirzəyevanın pasiyenti olmasından asılı olmayaraq bütün hamilə qadınlarımız faydalansınlar. Hamiləlik dönəmində nələr olar, nələr olmaz , nələrə riayət etməli, nəyə fikir verməlidirlər - kitabda bu suallarına cavab tapacaqlar. Kitab çox asan dildə yazılıb, hər bir xanım həkimdən ala biləcəyi tövsiyələri o kitabdan rahatlıqla oxuyub başa düşəcək".

 

Dr. Səbinə Mirzəyeva kitabın ərsəyə gəlməsində durmadan inkişaf edən səhiyyəmizin əhəmiyyətli rolu olduğunu qeyd edib. Cərrah mama-ginekoloq deyir ki, kitab bütün hamilələrin şübhə dolu fikirlərlə və cavabını bilmədikləri suallarla beyinlərini yormasına icazə verməyəcək. Onun sözlərinə görə, bu kitab xanımlarımıza hamilə olduqlarını öyrəndikləri gündən körpələrini qucaqlarına aldıqları günə qədər ana olmağa hazırlıq mərhələsinə tam qüvvə ilə daxil olmalarına kömək olacaq. Məsləhətlər toplusu olan kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda məsuliyyətli dönəm haqqında bütün vacib məlumatlar var.

 

Millət vəkili Qənirə Paşayeva doktor Səbinə Mirzəyevanın müəllifi olduğu kitabın əhəmiyyətini vurğulayıb.

 

Daha sonra  kitabla bağlı qısa videoçarx təqdim olunub.

 

Xatırladaq ki, Dr. Səbinə Mirzəyeva 2012-ci ildə Almaniyanın Hamburq şəhərindəki Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında “Yüksək riskli hamiləlik və doğuş” üzrə təhsil proqramına yiyələnib və hazırda "Baku Medical Plaza"da cərrah mama-ginekoloq vəzifəsində çalışır.

 

Müəllif | Apa.Tv
Apa.tv