Qubada bəzi yollar buz bağlayıb, hərəkət çətinləşib
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində havanın temperaturunun kəskin düşməsi və qar yağması bəzi yollarda hərəkəti çətinləşdirib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yollar buz bağlayıb.
Avtomobil Yolları Dövlət Agentliyinin Quba 5 nömrəli MMC-nin Quba-İspik-Xınaqlıq yolunun sahə rəisi Bilal Sultanov hazırda bu istiqamətdə maşınlarının hərəkətində problemin olmadığını deyib: "Hazırda həm Xınalıq istiqamətinə, həm də rayon istiqamətinə avtomobillərin hərəkəti var. Əraziyə qum-duz qarışığı səpilib. Buna baxmayaraq, ərazidə mənfi 12 dərəcəyə kimi şaxta var. Məsləhət görərdim ki, maşınların şinlərinə fikir versinlər, gecə saatlarında zəncirlərdən istifadə etsinlər".
Bilal Sultanov sürücülərdən axşam saatlarında bu istiqamətdə temperaturun düşməsi ilə yolların buz bağlayacağını nəzərə almalarını xahiş edib.