Bərdədə dəhşət: 6 YAŞLI QIZ DİRİ-DİRİ YANDI
Bərdədə ölümlə nəticələnən yanğın hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, yanğın zamanı 6 yaşlı qız ölüb, anası isə ağır yanıq xəsarətləri alıb.
Hadisə rayonun Güloğlular kəndində ümumi sahəsi 44 kv. m olan birmərtəbəli, ikiotaqlı yarımtikili evdə qeydə alınıb. Yanğın zamanı evdə 1991-ci il təvəllüdlü Zümrüd Sirac qızı Novruzova və iki övladı olub. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürdükdən sonra aparılan yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədini aşkar ediblər.
Zümrüd Novruzova müxtəlif yanıq xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Zümrüd Novruzovanın vəziyyəti orta ağırdır: "Xəstə Zümrüd Novruzova bütün səthinin texniki yanığı ilə xəstəxanamıza daxil olub. Xəstəni xəstəxanaya gətirən şəxslər evdə sobadan çıxan yanğından sonra qadının yandığını dedilər. Bütün stasionar tədbirlər göstərilib, vəziyyəti ağır olaraq qalır".
Rayon Polis Şöbəsindən bildirilib ki, ailə başçısı Samir Xəyyam oğlu Novruzov işləmək üçün Dağıstan Respublikasına gedib. Faktla bağlı araşdırmalara başlanıb.