Masallıda iki uşaq anası intihar adı ilə evi tərk edib - POLİS ONU AXTARIR

Masallıda iki uşaq anası övladlarını ataraq evdən qaçıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, o, ailəsinə məktub yazaraq, gedib intihar edəcəyini bildirib.

Yanvarın 11-də evdən qaçan Masallı rayonunun Böyük Təklə kənd sakini, 25 yaşlı Məmmədova Yeganə Firqət qızının 5 və 6 yaşında iki qız övladı da var. Valideynlərinin sözlərinə görə, Y.Məmmədova 2010-cu ildə həmin kənddən olan Mehdi Məmmədovla ailə həyatı qurub. Lakin onların izdivacı uğurlu alınmayıb və 2013-cü ildə ayrılıblar. O vaxtdan bəri qızları ilə birgə atasının evində yaşayan Yeganə evdən gedərkən məktub da yazaraq qoyub. Yazdığı məktubda isə valideynlərinə layiqli övlad olmadığını səbəb gətirib.

Atası Firqət Abbasovun bildirdiyinə görə, qızı evdən çıxdıqdan sonra paytaxt Bakıya üz tutub: "Səhər mən duranda gördüm ki, pilləkəndə məktub var. Götürüb oxudum bir-iki kəlməsini. Yazıb ki, mən sizə layiqli qız ola bilmədim, sizin gözünüzün qabağında yox, gedib özümü başqa bir yerdə asacam. Düşüb həyətə hər yeri axtardım, tapa bilmədim. Sonra girib evə uşaqlara xəbər verdim. Sonra fikirləşdim bəlkə Masallı-Təklə arası işləyən marşruta minər, orada da tapa bilmədim. Ertəsi gün maraqlandım, dispetçer dedi ki, dünən belə bir qadın olub, Əhmədli deyə minib marşruta gedib".

F.Abbasovun əldə etdiyi son məlumat isə belə olub ki, Biləsuvar rayonundan həmin marşrutda daha bir qadın gedib. Ancaq Yeganə həmin qadınla birgə "20 Yanvar" dairəsində düşüb. Hazırda onun valideynləri bir neçə gündür qızlarını axtarır.

Onun gözüyaşlı anası Laçın Məmmədova isə qızının yolunu gözləyir: "Mənim qızımı görənlərdən xahiş edirəm ki, xəbər versinlər. O, taleyindən küskün bir insan idi. İki körpəsini qoyub evi tərk edib".

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə də məlumat verilib. Hazırda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Sərxan Kamallı