Kiyevdə BARRİKADALAR DAĞIDILIR
Ukrayna DİN-in “Berkut” xüsusi təyinatlı mili dəstəsi və daxili qoşunların xüsusi dəstəsi Kiyevin Müstəqillik meydanında mitinqçilərin qurduğu barrikadaları dağıtmaq üçün 3 istiqamətdə hərəkətə keçib. APA TV “RİA Novosti”yə istinadən xəbər verir ki, heç bir tərəf sərt müqavimət göstərmir. Avropa Meydanı, İnstitutski və Mixaylovsk istiqamətlərindən milis dəstələri barrikadaları uçurmağa başlayıb. Milis və mitinqçilər arasında baş verən toqquşma zamanı 8 nəfər aktiv mitinqçi saxlanılıb. Ukrayna daxili işlər nazirliyinin yaydığı məlumatda deyir ki, onlara milis şöbəsində inzibati protokol yazıldıqdan sonra buraxılacaqlar.
Gecə saatlarında kommunal xidmət işçiləri hüquq- mühafizə orqanları işçilərinin müşayiəti ilə Avropa meydanı istiqamətindən Maydandakı barrikadaları toplamağa başlayıblar.
İnstitutski küçəsinin bir neçə yüz metr hissəsində hazırda çoxlu sayda milis avtobusları və avtomobilləri cəmləşib.
Müstəqillik meydanına cəlb olunmuş “Gepard” xüsusi təyinatlı polis dəstəsi əvvəlcə aksiyanın dağıdılmasında iştirak etməyib, lakin sonradan “Berkut” xüsusi təyinatlılarla birgə hərəkətə keçib.
Metronun Kreşatik və Azadlıq meydanı stansiyalarına giriş və çıxış bağlanıb. Lakin digər stansiyalar normal qaydada işləyir.
Müxalifətdən olan parlamentin deputatları aksiya iştirakçılarını asayiş keşikçilərinə qarşı güc tətbiq etməməyə, təxribatlara uymamağa və sakitliyi qorumağa çağırıb.
Müstəqillik meydanında yerləşən Həmkarlar İttifaqı Evinin yaxınlığında qurulan barrikadada başlanan yanğın etirazçılar tərəfindən qısa zamanda söndürülüb.