İlham Əliyev: "Ölkəmiz Bolqarıstanla uğurla əməkdaşlıq edəcək"
Azərbaycan prezidenti İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan baş naziri Boyko Borisovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov görüşdə çıxış edib.
Prezident İlham Əliyev qonağı Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik etdiyini bildirib və görüşdən məmnunluğunu çatdırıb. Görüş zamanı ölkələrimiz arasında möhkəmlənən çox sıx dostluq münasibətlərinə toxunulub, siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin bir çox vacib məsələləri müzakirə edilib.
B.Borisov da öz növbəsində xalqlarımız arasında müstəsna dərəcədə qarşılıqlı rəğbət hissinin yarandığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında indiyədək razılaşdırılmış bütün məsələlər həllini tapıb. Həmçinin Bakı ilə Sofiya arasında açılan birbaşa aviareysin ölkələrimiz arasında yaxın münasibətlərin, turizmin və işgüzar əlaqələrin inkişafına töhfə verəcəyi qeyd edilib.
Bundan sonra prezident İlham Əliyevlə Bolqarıstanın Baş naziri Boyko Borisov mətbuata birgə bəyanatla çıxış edib. Prezident İlham Əliyev deyib ki, bugünkü danışıqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub: "Bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcək. Bildiyiniz kimi, bu sahədə biz tərəfdaşıq. Azərbaycan və Bolqarıstan birlikdə digər ölkələrlə bərabər Cənub Qaz Dəhlizinin icrasını təmin edirlər. Azərbaycanın zəngin qaz yataqları vardır. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Cənub Qaz Dəhlizinin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir və yaxın gələcəkdə Azərbaycan qazı da eyni funksiyanı daşıyacaqdır. Cənub Qaz Dəhlizinin icrası uğurla gedir. "Şahdənz-2" layihəsinin icrası 99 faizə çatıbdır. "Şahdəniz-2" Cənub Qaz Dəhlizinin əsas resurs bazasıdır. Eyni zamanda, bu il TANAP layihəsinin başa çatması nəzərdə tutulmuşdur. Bu layihənin icrası da 90 faizə çatıbdır. Beləliklə, bütün işlər qrafik üzrə gedir və bu nəhəng layihə uğurla icra edilir. Cənub Qaz Dəhlizinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaqdır və biz şadıq ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir".
Bolqarıstan baş naziri Boyko Borisov isə öz çıxışında qeyd edib ki, Azərbaycan qaz təchizatının ən sərfəli qiymətlərini təklif edən bir ölkədir: "Mən Sizin dediklərinizin Bolqarıstan üçün əhəmiyyətini qeyd etmək istərdim. Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb. Eyni zamanda, biz qeyd edə bilərik ki, son günlər, xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik, elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin. SOCAR-ın dəstəyi və Azərbaycan qazının tədarükü sayəsində qonşu Gürcüstan qazlaşdırılıb. Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcudluğu barədə danışırıq. Ümid edirik ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək".
B.Borisov həmçinin bildirib ki, Bolqarıstan şirkəti ilə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə bu ölkəyə çatdırılması məsələsinin həllinə ümidlə yanaşır.