Cəbhə xəttində monitorinq - İNSİDENT QEYDƏ ALINMADI
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən təmas xəttində baş tutub.
Monitorinqi keçirmək üçün cəbhə rayonuna gələn ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller əvvəlcə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevlə görüşüblər. ATƏT nümayəndələrinə bildirib ki, ermənilər 9 avqust 2017-ci ildən bəri cəbhəyanı yaşayış məntəqələrini 435 dəfə atəşə tutub.
Daha sonra ATƏT nümayəndələri qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, monitorinq insidentsiz başa çatıb.