Bərzani: "Kərkükdə keçiriləcək səsverməyə qatılmayacağıq"
İraq Kürd muxtariyyətinin keçmiş rəhbəri Məsud Bərzani Kürdüstan Demokrat Partiyasının Kərkük və digər mübahisəli ərazilərdə keçiriləcək səsverməyə qatılmayacağını açıqlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, partiya liderinin adından yayılan açıqlamada xalqın öz liderini seçə bilməsi üçün səsvermənin sülh və sabitlik şəraitində keçirilməli olduğu bildirilib.
"Lakin indiki şəraitdə Kərkük və digər mübahisəli ərazilər işğal altındadır. Bölgədə qeyri-sabitlik hökm sürdüyü üçün burada hər hansı seçki keçirilə bilməz. Biz Kürdüstan Demokrat Partiyası olaraq bu şərtlər altında keçiriləcək seçkiləri boykot etmək qərarına gəlmişik. Bundan əlavə bölgə əhalisini də seçkilərə getməməyə çağırırıq" - deyə, açıqlamada bildirilir.
Qeyd edək ki, İraqda parlament seçkiləri 2018-ci ilin mayında keçiriləcək.