Astara sakinindən 3 kq-dan çox narkotik götürüldü

Astara rayonunda 3 kq tiryək dövriyyədən çıxarılıb.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

 

Əldə edilən əməliyyat məlumatları əsasında Astara şəhər sakini, 37 yaşlı Ramin Kərim oğlu Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindəki bağlamada 1 kq-dan çox narkotik vasitə olan tiryək aşkar edilib. Saxlanılan şəxsin evində aparılan yoxlama zamanı evin zirzəmisindən daha 2 kq narkotik vasitə olan tiryək götürülüb.

 

Müstəntiq Elvin Əzimzadənin sözlərinə görə, istintaqla müəyyən edilib ki, Ramin Quliyev narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasının vətəndaşı Afşin adlı şəxs ilə əlbir olub ölkə ərazisinə gətirib. Fakta görə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb və istintaq davam etdirilir.

 

O, istintaqa ilkin ifadəsində narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə ölkəmizə keçirildiyini söyləyib. Ramin Quliyev, qabaqcadan razılaşdıqları kimi, sellofan torbada üç bağlama olmaqla dəniz sahilində daşın altında gizlədilən narkotik vasitəni götürərək evinə gətirib. Sonra satış məqsədilə müəyyən hissəsini götürdükdən sonra əməliyyatçılar tərəfindən yaxalanıb.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov