Çingiz Sadıxov II Fəxri Xiyabanda dəfn olundu

O, dövrünün ən məşhur ifaçıları - Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov, Fidan və Xuraman Qasımovalarla işləyib, onları müşayiət edib.

 

APA TV-nin məlumatına görə, xalq artisti Çingiz Sadıxov ötən əsrin 90-cı illərinin ortalarına qədər vətəni Azərbaycanda kifayət qədər tanınan pianoçu olub. Tanınmış musiqiçilər onun yaradıcılığının ifaçılıq tarixində xüsusi iz buraxdığını deyirlər.

 

Bu gün onunla vida mərasiminə gələn dostları üçün xatirələr yenidən canlandı.

 

Xalq artisti Fərhad Bədəlbəyli Çingiz Sadıxovun vəfatının Azərbaycan mədəniyyəti üçün böyük itki olduğunu vurğulayıb: “Görürsünüz torpağın gücünü? Amerikada 25 il yaşayasan, torpaq da səni çağıra. Çingiz böyük musiqiçi idi. Bülbül, Rəşid Behbudov, Şövkət xanımla elə konsertlər verib ki. Unudulmaz konsertlər idi. Müşayiət etmək böyük sənətdir. O bu sənətin kralı idi. Çox xeyirxah, təvazökar insan idi. Böyük insanı itirdik. Mən də yaxın dostumu...”

 

Xalq artisti Rauf Babayev mərhum pianoçu ilə bağlı xatirələrini bölüşüb: “Çingiz müəllimlə tanışlığım gənclik illərindən başlayır. Mən onun qardaşı İldırım ilə dostluq edirdim. Musiqiyə həvəsi var idi. İnstitutda kvartet də yaratmışdı. Mən Çingizlə elə o vaxt tanış oldum. Biz onunla, həmçinin Müslüm Maqomayevlə qastrola getmişik. Deyirlər ki, dostluq yolda bilinir. Mən onu elə tanıdım. İstiqanlı insan idi. Yumor hissi çox güclü idi. O, bir kampaniyada olanda insanlar gözdən yaş gəlincəyə qədər gülürdülər”

 

Musiqiçi Rafiq Seyidzadə onunla gənc vaxtlarından tanış olduğunu bildirib: “Onunla mən 60 ildən çox dostluq etmişik. O, böyük musiqiçi idi. Rəşid Behbudovun ən məşhur vaxtlarında onu müşayiət edib. Bu isə çox çətin idi. Çünki o, bütün pauzaları çox melodik formada tamamlayırdı”.

 

Ailə üzvləri üçün də Çingiz Sadıxovun vəfatı üzücüdür. Nəvəsi Rüstəm Sadıxov deyir ki, Çingiz Sadıxov 1994-cü ildən ABŞ-a köçsə də, daxilən hər zaman vətəninə bağlı olub: “Babam çox yaxşı adam idi. Amma ondan əlavə, çox yaxşı piano çalırdı. Deyirdi ki, Azərbaycanda doğulmuşam, axırda da Azərbaycana getmək istəyirəm. Çünki bura mənim vətənimdir”.

 

Vida mərasimindən sonra mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri Xiyabana aparılıb.

 

Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, bir çox tanınmış vokalçıların müşayiətçisi olub. 1987-ci ildə xalq artisti fəxri adına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı sərəncamla Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Musiqiçi 1994-cü ildən ABŞ-ın San-Fransisko şəhərində yaşayıb. 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Nigar Həsənli