"Prezident İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabı təqdim olunub
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında" kitabının təqdimatı keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən Dillər Universitetinin rektoru Kamal Abdulla prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin təbliği istiqamətində mühüm işlər gördüyünü deyib.
O qeyd edib ki, prezident prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi dövlətin multikulturalizm siyasətinə önəm verməsinin bariz nümunəsidir.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizim və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov Azərbaycanda multikulturalizm ənənələrindən və prezident İlham Əliyevin təşəbbüsü ilə multikulturalizm sahəsində həyata keçirilən layihələrdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan multikulturalizminin təbliğinin önəmini vurğulayıb.
Qeyd edək ki, kitabın ideya müəllifi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tərtib edənlər Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizim və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır.