ABŞ Türkiyəyə yaşıl işıq yandırdı - AFRİN ƏMƏLİYYATINA MANE OLMAYACAĞIQ

ABŞ Afrində hərbi əməliyyat keçirmək istəyən Türkiyəyə mane olunmayacağını bildirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu ABŞ rəhbərliyi ilə Suriyada İŞİD-ə qarşı əməliyyatları həyata keçirən koalisiyanın sözçüsü Rayan Dillon deyib.

 

"Afrin, koalisiya əməliyyatları sahəsinə daxil deyil" - deyə, o bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ YPG ilə birgə Suriyanın Türkiyə və İraq sərhədlərində 30 minlik ordu quracağını elan etmişdi.

Bundan əlavə ABŞ-ın gizli şəkildə PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə daşınan zenit-raket kompleksləri verdiyi də açıqlanıb.


Türkiyə tərəfi isə başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla buna etiraz edərək yaxın günlərdə Suriya ərazisində antiterror əməliyyatına başlanacağını, ilk addımın da Afrin olacağını bildirib.

 

Bir neçə gündür Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli texnikalar, ağır artilleriya Suriya sərhədinə yerləşdirilir. Bu gün xüsusi təyinatlıların da sərhədə yerləşdiyi barədə xəbərlər yayılıb.

 

Hazırda YPG/PYD terrorçularının nəzarətində olan Afrin qəsəbəsi Türkiyə ilə sərhəddir. Digər tərəfdən qəsəbə ərazisi Türkiyənin dəstəklədiyi müxaliflərlə, bir tərəfdən isə TSK-nın nəzarətində olan İdliblə əhatələnir. Terrorçuların tək çıxışı ola biləcək ərazi isə Əsəd ordusunun nəzarətindədir. 

Müəllif | Apa.Tv
Apa.tv