Şamaxıda 13 il yatmış vulkan püskürdü - ƏTRAFA PALÇIQ YAYILIB
Şamaxı rayonunda palçıq vulkanı püskürür. APA TV-nin yerli bürosunun xəbərinə görə, vulkan gecə saat 1:00 radələrində rayonun Quşçu kəndində püskürməyə başlayıb və proses hazırda da davam edir.
Quşçu bələdiyyəsinin sədri Ağaəhməd Qədirovun sözlərinə görə, insanlar gecə vulkanın gurultu səsinə oyanıb:
"Vulkan püskürməsi zamanı yerin altından xaric olan maddələr təxminən 10 metr hündürlüyə qalxaraq 1,5 hektara yaxın əraziyə yayılıb. Hazırda vulkanın qaynamaları və palçıq axını davam edir. Ərazidən qaz iyi gəlir. Bu vulkan sonuncu dəfə 2005-ci ildə püskürmüşdü".
Qeyd edək ki, vulkanın püskürdüyü ərazidən 200-300 metr aralıqda Quşçu kəndinin sakinlərinə məxsus 15-ə yaxın ev var. Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.