Nursultan Nazarbayev Ağ Evdə: TRAMPLA NƏLƏR MÜZAKİRƏ EDİLDİ?

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qəbul edib.

 

APA TV-nin məlumatına görə, prezidentlər beynəlxalq siyasət, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edib.  

 

Danışıqların prioritetləri arasında Əfqanıstan problemi, terrorizmlə mübarizə, Koreya yarımadasının nüvəsizləşdirilməsi, Şimali Koreya tərəfindən yönələn təhdidlərlə birgə mübarizə kimi məsələlər olub.

 

Həmçinin BMT Təhlükəsizlik Şurasında sədrliyin Qazaxıstana keçməsi ilə əlaqədar Tramp və Nazarbayev dünya siyasətinə dair məsələləri müzakirə edib. Bildirilib ki, 2016-cı ildə qarşılıqlı ticarət dövriyəsi 1,9 milyard dollara çatdırılıb.

 

Qazaxıstan dövlət başçısının səfəri zamanı həmçinin ölkələr arasında gömrük, aviasiya, aeronaviqasiya, nəqliyyat, inşaat, habelə Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığa dair 20-ə yaxın sənəd imzalanıb.

 

Tərəflər həmçinin ABŞ istehsalı olan 2,5 milyard dollar dəyərində müxtəlif təyinatlı məhsul və xidmətlərin Qazaxıstana ixracı barədə də razılığa gəlib. Bundan əlavə ABŞ tərəfinin Qazaxıstanda infrastruktur layihələrinin icrasına 7 milyard dollar sərmayə yatıracağı da razılaşdırılıb.

 

Görüş zamanı Qazaxıstan prezidenti Ağ Ev rəhbərini ölkəsinə rəsmi səfərə dəvət edib.

 

Qeyd edək ki, Nursultan Nazarbayevin ABŞ-a səfəri yanvarın 18-də başa çatacaq.



 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov