Qiymətləri ABŞ və OPEK-in mübarizəsi formalaşdırır - NEFT YENİDƏN UCUZLAŞMAĞA BAŞLADI

ABŞ-da xam neft ehtiyatları azalmaqda davam edir. APA TV-nin məlumatına görə, Enerji İnformasiya İdarəsinin bu gün açıqlayacağı rəsmi rəqəmlərin "Bloomberg"in anketini təsdiqləyəcəyi gözlənilir.

 

Həftə ərzində bu ölkədə ehtiyatların 2,9 milyon barel azaldığı güman olunur. Rusiyanın enerji naziri Aleksandr Novak OPEK liderliyində həyata keçirilən istehsalın azaldılması razılaşmasının davam etməsinin lazım olduğunu və son qiymət dəyişikliyindən sonra təcili qərar verməyə ehtiyac olmadığını deyib.

 

ABŞ-da ehtiyatların azalması və Novakın çıxışı proqnozlaşdırıldığı kimi qiymətlərə müsbət təsir etməyib. Sutka ərzində "Brent" markalı neft 1 dollara qədər ucuzlaşıb və hazırda 69,08 dollardan satılır. Bu marka dünən səhər saatlarında 70 dollardan satılırdı. Qərbi Texas nefti də ciddi ucuzlaşıb. Dünən 64,52 dollardan satılan WTİ nefti hazırda 63,70 dollara təklif olunur.

 

Ekspert Ric Spooner ucuzlaşmanın iki cür yozulduğunu deyib. "Əgər qiymətlər bu səviyyədən aşağıya düşər və son bir ya da iki günün ən düşük səviyyələrinin altına enərsə, bunu qiymətlərdə stabilləşmə kimi söyləmək olar. Ancaq ABŞ ehtiyatlarının kiçik ölçüdə azalması və istehsalın artmasının davam etməsini görsək, bunun bir stabilləşmə olduğunu demək çətindir".

 

Beləliklə, dünya neft bazarında iki əsas güc OPEK və ABŞ qiymətlərin formalaşmasını müəyyənləşdirir. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı