Kamran Əliyev: "Korrupsiyada ittiham olunanların 15 milyon 381 min manatlıq əmlakına həbs qoyulub"

Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 141 cinayət işinin istintaqı aparılır. Həmin cinayət işlərinin 12 faizi bank və bank olmayan kredit təşkilatları ilə bağlıdır.

 

APA TV-nin xəbərinə görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.

 

O qeyd edib ki, cinayət işi başlamadan hazırda 90-a yaxın materialın araşdırılması həyata keçirilir: "Bu, əsasən ləğvetmə prosesində olan banklarla bağlıdır. Bununla da bağlı idarə tərəfindən xüsusi olaraq vurulmuş ziyanların ödənilməsi istiqamətində fəaliyyət həyata keçirilir. İkinci məsələ tikinti ilə, tikinti sektorunda baş vermiş cinayətlərlə bağlıdır. Üçüncü əsas məsələlərdən biri tikinti və digər sahələrdə müvafiq müqavilə imzalamadan qeyri rəsmi işlədilməsi əməyinin istismar edilməsidir".

 

İdarə rəisinin sözlərinə görə, ötən il bank və bank olmayan kredit təşkilatları ilə bağlı 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. İkinci yerdə özəl sektor gəlir. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub. Ticarət üzrə 10, tikinti ilə bağlı 10, yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

 

Bundan başqa, korrupsiyada ittiham olunan şəxslərin 15 milyon 381 min manat məbləğində əmlakına həbs qoyulub.

 

Kamran Əliyev bu gün korrupsiyada ittiham olunan 44 nəfər axtarışda olduğunu qeyd edib. Onlardan 34-ü İnterpol xətti ilə axtarılır.

 

Baş İdarə rəisi həmçinin bildirib ki, ötən müddət ərzində idarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub və müraciətlər əsasında 23 cinayət işi başlanıb. 2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb ki, bu da “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır.

 

Qeyd edək ki, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova